ELM VƏ TƏHSİL


Yazıçı-tərcüməçi İmdad Avşar tələbələr üçün ustad dərsi keçib

Bakı, 1 oktyabr, AZƏRTAC

Türk dünyasının görkəmli ziyalısı, yazıçı-tərcüməçi İmdad Avşar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı” mövzusunda ustad dərsi keçib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, İ.Avşar görkəmli yazıçı-dramaturqun Şərq dünyasının böyük ziyalılarından biri olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundzadə həmişə cəmiyyətin yenilənməsi, müasirləşməsi, insan hüquqlarının qorunması, qadın azadlığı, sosial ədalət, dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması, xalqın maariflənməsi, mədəni inkişafı, mənəvi təkamülü uğrunda mübarizə aparıb. Böyük mütəfəkkir dini nadanlığın, cəhalətin, xurafatın barışmaz düşməni olub. Görkəmli şair Mirzə Şəfi Vazehlə tanışlığı və Tbilisi mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Qərblə Şərqi dərindən müqayisə edən yazıçı-mütəfəkkir bu qənaətə gəlib ki, Şərqin Qərbdən geri qalmasının əsas səbəbi nadanlıq, cəhalət və savadsızlıqdır. Yumor və satiranı ictimai bəla və eyiblər əleyhinə mübarizədə ən güclü vasitə hesab edən yazıçı altı ölməz komediya yaradıb . Onun “Aldanmış kəvakib” povesti, “Kəmalüddövlə məktubları” bədii-fəlsəfi traktatı dini fanatizmin ifşası baxımından böyük əhəmiyyət kəsb edir. M.F.Axundzadənin xalqın maariflənməsi üçün yeni əlifba uğrunda apardığı mübarizə də çox təqdirəlayiqdir. Yazıçının bütün əsərləri, eləcə də din haqqında düşüncələri və fəlsəfi baxışları müasir dövrümüz üçün çox aktualdır.

Sonra tələbələrin sualları cavablandırılıb.

İ.Avşar M.F.Axundzadənin, həmçinin Azərbaycanın digər klassik yazıçılarının əsərlərini türk dilinə tərcümə edib. O, qardaş Türkiyədə Azərbaycan ədəbiyyatını geniş təbliğ edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.