MƏDƏNİYYƏT
“Yeddi gözəl” baletinin səhnə həyatından bəhs edən kitabın təqdimatı olub
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Tədbir çərçivəsində, həmçinin bəstəkarın anadan olmasının 101 illiyinə həsr olunmuş “Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə iştirakçılar sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi ilə tanış olublar.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Qara Qarayevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söhbət açıb. Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd olunduğunu söyləyən Alla Bayramova bildirib ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.
Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova kitabın məziyyətləri barədə danışıblar. Bildirilib ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda “Yeddi gözəl” baletinin premyeradan günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim olunur.
Sonra çıxış edən Natalya Dadaşova ərsəyə gətirdiyi kitab barədə məlumat verərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.