CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin başlıca təminatçısıdır
Bakı, 12 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Bakıdakı “N” saylı hərbi hissədə YAP-ın yaranmasının 26 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası zəfərlərə doğru” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elçin Kərəmov çıxış edərək bildirib ki, yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilib və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa zamanda azad etmək iqtidarındadır. Qısamüddətli və qalibiyyətli Aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı, Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında Yeni Azərbaycan Partiyasının xidmətlərindən danışıb. Qeyd edib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası bu müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Yeddi yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.