ELM VƏ TƏHSİL
Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb
Bakı, 19 mart, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tədris prosesinin dayandırıldığı müddət ərzində Təhsil Nazirliyinin təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələri üçün videobağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılıb.
Bununla yanaşı, mərkəz Azərbaycan ərazisində koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin hazırlanmasını davam etdirir. Mərkəz tərəfindən hazırlanmış videodərslər bu qurumun “Youtube” kanalında (https://www.youtube.com/channel/UCQ7S5s9qCKp0vW1WdVu_ing), “Facebook” səhifəsi (https://www.facebook.com/bakustateindustryinnovation) və Təhsil Nazirliyinin videoresurslar portalında (https://video.edu.az/vocational-school) yerləşdirilir.
Videodərslər mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib edilir. Dərslər mərkəzdə tədris olunan 8 ixtisas istiqaməti üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlığın iş prinsiplərini və təlimatlarını əks etdirir. Videodərslərdən peşə təhsil müəssisələrində təhsil alan tələbələr, texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artıqmaq istəyən şəxslər, müəllimlər metodik material kimi istifadə edə bilərlər.