İQTİSADİYYAT
Yeni hərracda ilkin start qiyməti aşağı olan əmlaklar çoxluq təşkil edir
Bakı, 25 sentyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2642 linkindən əldə etmək mümkündür.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirilmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikincidə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfathesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kvadratmetrə yaxındır. Bundan başqa paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olan “Laçın” restoranı 205 min manata hərraca çıxarılıb. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncədə yerləşən “Sünbül” kafesini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Şirvan şəhərində, Sabirabad rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 58 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 80 kvadratmetrə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kvadratmetr ilə 213 kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir. Həmçinin paytaxtın Səbail rayonunda yerləşən sahəsi 11,2 kvadratmetr, ilkin start qiyməti 3 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.