İQTİSADİYYAT
“Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adlı silsilə tədbirlərə başlanılıb
Bakı, 6 mart, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi martın 6-dan etibarən “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərlə iş üzrə silsilə tədbirlərə başlayıb.
ABOEMDA-nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, layihə Bakı şəhərinin 36, 80, 126, 203, 246 saylı məktəblərini əhatə edir. Həmin məktəblərdən ümumilikdə 150 nəfərə qədər şagirdin, 30-dan çox müəllimin iştirakı ilə keçiriləcək tədbirlər nəticəsində məktəblər və məktəblilər fəallığına görə müxtəlif dərəcəli diplom və hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci dərs ilində “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirdiyi “ekoloji aylıqlar” çərçivəsində mart ayını orta məktəblərdə “alternativ enerji mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Sözü gedən layihə də bir sıra orta məktəblərin bu istiqamətdə müraciəti əsasında gerçəkləşdirilir.
Bu gündən etibarən 6 martın 12-nə kimi “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” elan olunub. Həftəlik çərçivəsində ilk olaraq 126 saylı məktəbdə yenilənə bilən enerji növləri, bərpaolunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və sair mövzuda təlimlər keçirilib. Təlimlər həmin məktəblərdə davam etdirilir. Həmçinin ay ərzində bərpaolunan enerji növlərinə aid şagirdlərin yaradıcı təxəyyülünə əsaslanan buklet yarış-treninqi keçiriləcək, Qobustan Poliqonu və Təlim-Tədris Mərkəzinə ekskursiyalar təşkil ediləcək.
Eləcə də mart ayı ərzində şagirdlər qrup şəklində tükənməyən enerji növləri barəsində referat yazıb, divar qəzeti hazırlayacaq, alternativ enerji haqqında 2-3 dəqiqəlik qısa film çəkəcək, ABOEM haqqında buklet tərtib edərək, tərtib etdikləri bukletlərlə vətəndaşlardan video sorğu keçirəcək, bu sahəni əks etdirən rəsm çəkib, plastilin, taxta, kağız, ip, müxtəlif bəzək əşyaları və ya tullantı materialları vasitəsilə plakatlar hazırlayacaqlar.