İDMAN
Yeniyetmə badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Badminton Federasiyasının (ABF), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 5 nömrəli Bakı Peşə Liseyində keçirilən 2002-2004-cü il təvəllüdlü badmintonçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda 27 oğlan və 16 qız iştirak edib. Qaliblər beş kateqoriya üzrə müəyyənləşib. Şəxsi görüşlərdə oğlanların yarışında Aqil Qəbilov, qızlardan isə Nigar Əliyeva birinci olublar. Qoşa görüşlərdə isə Rəvan Niftəliyev-Aqil Qəbilov dueti, qızlarda isə Nigar Əliyeva-Elnurə Cəfərova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq qoşa yarışlarında isə Elnurə Cəfərova - Aqil Qəbilov bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüblər.
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.