REGİONLAR
“Yerli gənc” Kənd Gənclərinin İnkişaf Proqramına Şəkinin Kiş kəndində keçirilən təlim kursu ilə start verilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən reallaşdırılan “Yerli gənc” Kənd Gənclərinin İnkişaf Proqramına Şəkinin Kiş kəndində həyata keçirilən təlim kursu ilə start verilib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, “Eko-Foto” adlı təlim kursu Şuranın üzvü olan “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti, Şəki şəhər Gənclər və İdman İdarəsi və Kiş bələdiyyəsinin dəstəyi ilə Kiş kəndində yerləşən Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Tədbirdə Kiş kəndində yaşayan 25 gənc iştirak edib.
Təlim fotomateriallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma bacarıqları formalaşdırmaq məqsədi ilə təşkil olunub.
ARGTMŞ sədri Şahin Seyidzadə açılış mərasimində çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq ARGTMŞ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli gənc” Əməkdaşlıq Proqramına start verib. “Yerli gənc” Proqramı kənd gənclərinin konseptual inkişafında mühüm rol oynayacaq və onların istedadının üzə çıxarılmasına imkan yaradacaq.
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov isə kənd yerlərində yaşayan gənclərin fəallığının artırılması, onların ictimai fəaliyyətə cəlb olunması istiqamətində “Yerli gənc” Proqramının müsbət nəticələr verəcəyini deyib və gəncləri gələcəkdə həyata keçiriləcək bu tipli tədbirlərdə daha fəal iştiraka səsləyib.
Sonra təlimə start verilib. Təlim zamanı iştirakçılara fotokameraların növləri, təbiət fotolarının çəkilməsi, fotohekayələrin və fotoreportajların hazırlanması, sosial mediada fotoların paylaşılması və məşhurlaşdırılması və s. haqda ətraflı məlumatlar verilib.