CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Bakı, 7 fevral, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 6-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində növbəti dəfə reydlər keçiriblər. Reydlər nəticəsində rayon ərazisində yerləşən köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin mağazaların iki satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Onların hər biri 100 manat məbləğində cərimələnib.
Bu istiqamətdə reydlər davam etdirilir.