REGİONLAR


Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri işləri aparılır VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri işləri icra olunur.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı kilometrindən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5,5 kilometrdir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Məlumata əsasən, 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Uzun illər təmir edilmədən istismar olunan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Yenidənqurma işləri nəticəsində sadalanan problemlər artıq geridə qalır.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 poqonometr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri görülüb. Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi işləri aparılıb.

Hazırda Tanrıqulular kənd yoluna 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin dayanacaq quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün yeni yol infrastrukturunun yaradılması 2800 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.