SİYASƏT
Yevlaxda “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda tədbir keçirilmişdir
Yevlax, 5 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü “Heydər Əliyev və çağdaş Azərbaycan“ mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə təşkilatın aparat rəhbəri Əli Quliyevin “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir. Natiq müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir.
Təşkilatın qadınlar şurasının sədri Əminə Əhmədova, rayon icra hakimiyyəti başçısının müavini Zərifə Məmmədova və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində rolundan, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən bəhs etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə bir vaxtlar Ulu Öndərlə görüşmüş insanların dahi rəhbərlə bağlı xatirələri dinlənilmişdir. Sosialist Əməyi Qəhrəmanı Prezident təqaüdçüsü Şamama Əliyeva, rayon ağsaqqallar şurasının sədri Knyaz Əliyev və başqaları Ulu Öndərlə görüşlərini həyatlarının ən xoş anı kimi dəyərləndirmişlər.
Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.