REGİONLAR
Yevlaxlı fermerlərə pambığın becərilməsi ilə bağlı tövsiyələr verilib
Bakı, 9 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Yevlax rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, nazirliyin və tabeli qurumlarının, rayon icra hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov cari ildə rayonda pambıq əkini, bu sahədə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülmüş işlərdən danışıb, hədəfləri açıqlayıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.
“Yevlax Kənd Təsərrüfatı” MMC-nin, “MKT İK” MMC–nin və “Azərpambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib.
Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr aparılıb, rayonda pambığın becərilməsi işlərinin səmərəli təşkilinə dair tapşırıqlar verilib.
Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədilə pambıq sahəsində olublar.
Mütəxəssislər pambığın becərilməsi ilə bağlı fermerlərə tövsiyələr veriblər.