CƏMİYYƏT
Yol hərəkətinin təhlükəsizliyi üçün sürət həddinin aşağı endirilməsi başlıca amillərdəndir
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Milli Avtomobil Klubu, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST), Baş Dövlət Yol Polisi və Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində onlayn dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə paytaxtın 45, 243 və 186 nömrəli məktəblərin rəhbərləri, eləcə də valideynlər iştirak ediblər.
Dəyirmi masada Avtomobil Klubunun layihələr üzrə meneceri Ülviyyə Hüseynova çıxış edərək BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinin tarixi, yüksək sürətin yaratdığı təhlükələr və yaşayış ərazilərində, xüsusilə məktəb ətraflarında sürətin 30 kilometr/saata endirilməsi ilə qəza risklərinin azalmasına dair məlumatlar verib.
Baş Dövlət Yol Polisi İdarəsinin polkovnik-leytenantı Mübariz Ağayev Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında uşaq travmalarının minimuma endirilməsi üçün tədbirlərin qeyd olunduğunu və ölkəmizdə baş verən yol-nəqliyyat qəzalarının əksər hissəsinə yüksək sürət həddinin səbəb olduğunu, yol hərəkəti təhlükəsizliyi üzrə tədrisin təkmilləşdirilməsində dövlət, məktəb və valideyn üçbucağının əhəmiyyətini diqqətə çatdırıb.
Müzakirələr zamanı əhalinin və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 kilometr/saata endirilməsinin əhəmiyyəti və bununla əlaqədar maarifləndirmə tədbirlərinin zəruriliyini bildirilib, hazırkı yüksək sürət həddi ilə əlaqədar mövcud vəziyyət və çətinliklər barədə bəhs olunub. Valideynlər öz çıxışlarında diqqəti yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarını ifadə edərək, məktəb ətraflarında avtomobillərin sürəti, piyada keçidi zolaqlarının, nişanlanma xətlərinin köhnəlməsi, xüsusi nişanların olmaması, qanunsuz parklanma və bir sıra digər məsələlərə cəlb ediblər.