REGİONLAR
Yol polisi Astarada tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərlə bağlı reyd keçirib
Astara, 14 aprel, Bağır Əliyev, AZƏRTAC
COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə sürücü və sərnişinlər arasında riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Qaydalara və sağlamlığına qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Reyd zamanı, həmçinin polis əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, karantin qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.