CƏMİYYƏT
Yol polisi paytaxtda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslərin sayını açıqlayıb
Bakı, 7 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində paytaxt ərazisində nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edilməsi ilə bağlı 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri seçilib.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, avtomobilləri sürücülük hüququ olmadan idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii ki, bu cür hadisələrin qarşısının alınması üçün hər bir şəxsin məsuliyyətini dərk etməsi önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırsa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir.
“Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik”, - deyə A.Əsgərli vurğulayıb.