REGİONLAR
Yolu keçmək istəyən piyadanı maşın vurub VİDEO
Kürdəmir, 4 oktyabr, AZƏRTAC
Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Kürdəmirdə məskunlaşan Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Fərəcov Natiq Məhərrəm oğlu dördyol ayrıcı deyilən yerdə yolu keçmək istəyərkən Kürdəmirdə məskunlaşan Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü sürücü Əhmədov Ramiz Yaqub oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşınla vurulub. Yaralı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Natiq Fərəcov Bakı şəhərinə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.