ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu “Liderlik və özünüidarəetmə” mövzusunda vebinar təşkil edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinarda müsabiqənin İdarəçi Rəhbərlər Heyətinin üzvü, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev "Liderlik və özünüidarəetmə" mövzusunda təqdimatla çıxış edib.

“Azərkosmos” ASC-nin sədri vebinar iştirakçılarına liderliyə xas bacarıqların, peşəkarlığa doğru gedilən yolda gələcək idarəçilərin mütəxəssis kimi yetişməyində xarakterin və özünüidarəetmə xüsusiyyətlərinin formalaşdırılmasından danışıb. O bildirib ki, idarəçinin özünü tanımağı, analiz etmək qabiliyyəti onun uğurlu idarə metodikasına əsas təsiredici amillərdəndir. Rəşad Nəbiyev, həmçinin “ən peşəkar hesab etdiyimiz idarəçilərin də özlərindən yaşlı, çalışdığı işdə özündən təcrübəli mentorlara ehtiyacı var”, - deyə vurğulayıb. O qeyd edib ki, müasir dövrdə texnoloji yenilikləri sürətli mənimsəyən, emosional intellektə malik, bunu işində peşəkarlıqla tətbiq edən işçilərin də komandaya cəlb edilməsi, bu insanların dürüst dəyərləndirilməsi uğurlu idarəçi üçün vacib keyfiyyətlərdir.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.