REGİONLAR
Yunan-Roma güləşi üzrə Ordubad rayon birinciliyində 40-a yaxın idmançı mübarizə aparıb
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Muxtar respublikanın Ordubad rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yunan-Roma güləşi üzrə keçirilən Ordubad rayon birinciliyində 10 çəki dərəcəsində 40-a yaxın idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Gənclər və İdman İdarəsinin və rayonun Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Birinciliyin açılışında Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək iştirakçılara yarışın keçirilmə qaydası barədə məlumat verib, idmançılara müvəffəqiyyətlər arzulayıb.
Gərgin keçən mübarizə nəticəsində Səməd Əliyev, Ramazan Məmmədzadə, Elvin Hüseynov, Coşqun Səfərov, Məhərrəm Vəliyev, Eliz Əliyev, Zamin Ağayev, Afiyəddin Əliyev, Behrud Məhərrəmov və Əlyar Əliyev müvafiq olaraq 22, 25, 30, 32, 38, 43, 46, 54, 57 və 67 çəki dərəcələrində qalib olublar.
Birinciliyin sonunda I, II və III yerlərin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.