Yusif Ağayev: Ulu Öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır
AzerTAg.az

Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müstəqilliyinin 32-ci ilini yaşayan Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını əbədi yaşadacaq. Azərbaycan uğurla inkişaf edir və bu proses iqtisadi, sosial və humanitar və digər sahələri əhatə edir. Əldə edilən bu uğurlar dövlət idarəçilik sisteminə tətbiq olunan yeni idarəçilik texnologiyalarına əsaslanır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev söyləyib. Y.Ağayev bildirib ki, respublikamızda qazanılan misilsiz uğurlar müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin bəhrəsidir. İllər keçdikcə Heydər Əliyev dühasının böyüklüyü daha aydın görünür və görünəcək.
Dahi rəhbər azərbaycançılıq ideologiyasının əsasını qoydu. Daim milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xüsusi önəm verdi. Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltdi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı, onu dünyaya tanıtdı. Azərbaycan dinamik inkişaf yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı, torpaqlarımız işğaldan azad edildi. Bu Qələbə bizə sonsuz qürur hissləri bəxş etdi. İşğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş miqyaslı bərpa, quruculuq tədbirləri həyata keçirilir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz ata-baba torpaqlarına qayıdırlar. Xalqımız öz nurlu sabahına böyük ümidlə baxır. Müstəqil respublikamızın bugünkü tərəqqisinin əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır. Xalqımız çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var.
Xəbərin mətnində orfoqrafik səhv var