ELM VƏ TƏHSİL
ZƏHMƏTKEŞ İNSAN, İSTEDADLI ALİM, ƏVƏZSİZ MÜƏLLİM
Qəzet AMEA-nın rəyasət heyətinin 13 nəfər üzvünün “Azərbaycan elminin nüfuzu və fəxri” məqaləsi ilə açılır. Yazıda akademik Cəlal Əliyevin Azərbaycan elminin inkişafındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilir. Qeyd olunur ki, Azərbaycanda fiziki-kimyəvi biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə Cəlal Əliyev respublikamızda molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının, riyazi biologiyanın və bioinformatikanın inkişafının əsasını qoymuşdur. Ağır ekoloji vəziyyət, o cümlədən kənd təsərrüfatı bitkilərində toplanan uzunömürlü radionuklidlərin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqlarının öyrənilməsi 1970-ci ildən bəri akademik Cəlal Əliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Məqalədə xüsusi vurğulanır ki, akademikin rəhbərliyi ilə respublikamızın müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun aparılan kompleks elmi işlərin nəticəsində kənd təsərrüfatı bitkilərinin 70-dən artıq sortu yaradılaraq Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. 20-dən çox buğda sortu artıq rayonlaşdırılmışdır.
Cəlal Əliyevin görkəmli alim kimi başqa bir keyfiyyətindən söz açan müəlliflər qeyd edirlər ki, o, istənilən çətin şəraitdə, taleyüklü problemlərin həllində Azərbaycan biologiya elminə ən düzgün istiqamət göstərmək, gənc kadrları öz ziyalılıq nuru ətrafında toplayaraq, onları insanların ən ağrılı problemlərinin həllinə cəlb etmək istedadına və qüdrətinə malikdir. Alimin gərgin elmi axtarışlarının nəticəsi olan 500-ə yaxın elmi əsəri, o cümlədən 14 monoqrafiya və kitabı Azərbaycan biologiya elminin nadir incilərindəndir. Akademikin 100-dən artıq əsəri dünyanın bir çox ölkələrində müxtəlif dillərdə çap olunmuşdur.
Qəzetdə “İki əsrin bioloq alimi”, “Allah istədiyi adamı öz işığına doğru yönəldir”, “Muğan tarixinin Cəlal Əliyev mərhələsi”, “Dünya şöhrətli alim, elm təşkilatçısı və ictimai xadim”, “Çörək haqqında elmin dərsləri”, “Bioloji müxtəlifliyi qoruyaq”, “Cahana sığmayan böyük mütəfəkkir alim” və sair sərlövhələr altında verilən yazılarda akademik Cəlal Əliyev təkcə elm adamı kimi deyil, həm də ictimai xadim kimi təqdim edilir.
Qeyd edilir ki, o heç zaman ədalətsizliklə barışmamış, həmişə kişilik, mərdlik nümunəsi göstərmişdir. Cəlal Əliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi elm, təhsil, kənd təsərrüfatı, tibb, ekologiya və sair sahələrlə əlaqədar qanun layihələrinin hazırlanmasında fəal iştirak edir, tez-tez qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərə gedir, onlara mənəvi və maddi dayaq olur. Müəllifi olduğu və redaktə etdiyi publisistik əsərlər -”Nauka istina”, “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı”, “Erməni terrorçularının və quldur törəmələrinin insanlığa qarşı cinayətləri” və sair alimin bir daha müdrikliyini, xalqının problemlərinə dərindən bələdliyini və bu problemlərin həlli yolunda fəaliyyətini əks etdirir.
Qəzetdə yubileylə bağlı dünyanın görkəmli alimlərinin akademik Cəlal Əliyev barədə fikirləri də dərc olunmuşdur. Həmin alimlərdən biri –professor S.Benival yazır: “Əgər Nobel mükafatı müəyyən bir işin nəticəsinə görə verilirsə, akademik Cəlal Əliyevin kompleks şəkildə apardığı tədqiqatların hər bir istiqaməti bundan yüksək qiymətə layiqdir”.