ZÜLEYXA XƏLƏF QIZI ƏSƏDULLAYEVA
AzerTAg.az
Azərbaycan diasporunun tanınmış nümayəndəsi Züleyxa Xələf qızı Əsədullayeva 2002-ci il iyulun 20-də Türkiyənin İstanbul şəhərində ömrünün 87-ci ilində vəfat etmişdir.
Züleyxa xanım Əsədullayeva 1916-cı ildə Bakı şəhərində məşhur neft milyonçularından və xeyriyyəçilərindən biri Şəmsi Əsədullayevin nəslinə mənsub olan ailədə anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Züleyxa xanım 1922-ci ildə çox kiçik yaşlarında valideynləri ilə birlikdə xaricə mühacirət edərək İstanbulda yaşamışdır. O, 1943-cü ildə İstanbul Universitetinin tarix və ədəbiyyat fakültəsini bitirmişdir. Sonrakı dövrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında tərcüməçi işləmişdir. 1952-ci ildə Amerika Birləşmiş Ştatlarına köçən Züleyxa xanım, Virciniyada orta məktəblərin birində tarix və coğrafiya müəllimi olmuşdur. O, bir müddət Braziliyada müəllimlik etmiş, sonra yenə Amerikaya qayıtmışdır. Türk, ingilis, fransız, alman, rus və portuqal dillərini gözəl bilən Züleyxa xanım müəllimlik və tərcüməçiliklə yanaşı müxtəlif neft şirkətlərində işləmişdir. O, 1995-1997-ci illərdə "Mobiloyl" şirkətində, 1997-ci ildən ömrünün sonuna qədər isə "Pennzoyl" şirkətində çalışmışdır.
Züleyxa xanımın ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, Amerikada yaşayan azərbaycanlılar arasında fəal iş aparır, onların bütün tədbirlərində yaxından iştirak edirdi. Azərbaycan həqiqətlərinin Amerika, habelə dünya ictimaiyyətinə çatdırılmasında da Züleyxa xanım Əsədullayevanın böyük xidmətləri olmuşdur.
Yetmiş ilə yaxın bir müddətdə Vətən həsrəti ilə yaşamış Züleyxa xanıma, nəhayət, 1990-cı ildə Azərbaycana gəlmək müyəssər olmuşdur. O, Amerika Birləşmiş Ştatları Konqresinin üzvü Cim Mudinin Azərbaycana səfəri zamanı onu müşayiət etmişdir. Bu ilk səfərdən sonra Züleyxa xanım tez-tez Azərbaycana gələrək, qaçqın düşərgələrində, uşaq evlərində dəfələrlə olmuş, onlara humanitar yardımların çatdırılması işinin təşkil olunması və həyata keçirilməsinə rəhbərlik etmişdir.
Taleyinə şirinli-acılı günlər düşmüş, həyatın ağır sınaqlarına sinə gərmiş Züleyxa xanım Əsədullayeva harada olursa-olsun, ürəyində həmişə Vətən sevgisini gəzdirmiş, Azərbaycanın inkişaf problemləri onu daim düşündürmüşdür. Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra doğma vətənlə sıx əlaqə yarada bilmiş Züleyxa xanım son on ildə sanki tələsir, Azərbaycan üçün daha çox işlər görməkdən ötrü hər fürsətdən istifadə etmək üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri ilə, bir çox qeyri-hökumət təşkilatları ilə səmərəli əlaqələr quran Züleyxa xanım soydaşları tərəfindən daim doğma insan kimi gülər üzlə qarşılanırdı.
Tanınmış ictimai xadim, vətənpərvər qadın və gözəl insan Züleyxa Əsədullayevanın işıqlı xatirəsi onu tanıyanların ürəklərində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi
X X X Mərhumun cənazəsi vidalaşmaq üçün 2002-ci il iyulun 25-də saat 14-dən 17-yə kimi Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının binasında qoyulacaqdır (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 28).
Xəbərin mətnində orfoqrafik səhv var