CƏMİYYƏT
Zavodda fəhlənin yük avtomobilinin altında qalaraq ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Abşeron Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla rayonda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyənləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.