İQTİSADİYYAT
Zəlzələ riskinin minimuma endirilməsi bir sıra amillərdən asılıdır
Bakı, 1 dekabr (AZƏRTAC). Müasir dövrdə zəlzələnin nə zaman olacağı barədə qısamüddətli proqnoz vermək mümkün deyildir. Lakin elmi araşdırmalar və tədqiqatlar vasitəsilə hansı bölgələrdə seysmik gərginliyin toplanması və zəlzələnin baş verəcəyi barədə ehtimal yürütmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi-praktiki konfransdakı çıxışında bildirmişdir.
Seysmoloji Mərkəzin direktoru qeyd etmişdir ki, bugünkü günün tələblərindən biri baş verə biləcək zəlzələnin riskini minimuma endirməkdir. Bu problemin həlli isə layihəçilərdən və inşaatçılardan çox asılıdır.
Belə ki, tikinti aparılan ərazilərdə, şəhərsalmada bina və qurğuların tikintisində layihələndirmə işlərinə ciddi əməl olunmalı, tikinti işləri norma və qaydalara uyğun aparılmalı, inşaat materialları düzgün seçilməlidir. Əsas şərtlərdən biri də yüksək səviyyəli peşəkar kadr hazırlığı ilə bağlıdır.