REGİONLAR
Zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir
Bakı, 6 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zəngilan Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkarlanan xəstəliklərə qarşı müalicə işləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar zəngilanlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Saray qəsəbəsində məskunlaşan Elçin Arifoğlunun təsərrüfatına baxış keçirilib, 642 kvadratmetr ərazidə dezinfeksiya işləri icra edilib.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Qeyd edək ki, cari ilin ötən dövründə Zəngilan Rayon Baytarlıq İdarəsi 11077 kvadratmetr sahədə dezinfeksiya tədbirləri aparıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 200 baş iribuynuzlu və 120 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) bruselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə 120 baş qoçda infeksion epidedimitə görə müayinələr aparılıb və yoluxma aşkarlanmayıb.