CƏMİYYƏT
Zərdab Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Zərdab Rayon Mərkəzi Xəstəxanasında koronavirus əleyhinə vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırma ilə xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda birinci doza peyvənd edilməsi ilə bağlı rəsmi sənədində müvafiq qeydlər aparmaqla həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirakı olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.