REGİONLAR
Zərdab kümçüləri barama tədarükündə respublikada ən yüksək nəticəyə nail olublar
Zərdab, 25 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Zərdabda ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr qazanılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərdab kümçüləri 2018-ci ildə 1300 qutu (24700 qram) inkubasiya olunan baramaqurdu toxumu qəbul edərək normal bəsləmə aparıb, nəticədə 53 ton 880 kiloqram barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar. Bu sahədə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin olunub. Rayonun təkcə Şıxbağı kəndində 4597,5 kiloqram barama tədarük edilib. Şahhüseynli, Bıçaqçı, Əlvənd, Məlikli və digər bir sıra ərazi vahidlərində də kümçülər yüksək nəticəyə nail olublar.
Qeyd edək ki, bölgədə az vaxtda yaxşı gəlir verən baramaçılığa maraq getdikcə artır. Təkcə 2016-cı ildə bölgü üzrə rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) baramaqurdu toxumu bəslənib, nəticədə 5710 kiloqram barama götürülərək “Azəripək” MMC-yə təhvil verilib. Tədarük olunan baramadan kümçülərə 45 min 680 manat vəsait ödənilib.
2017-ci ildə isə kümçülər daha yüksək nəticəyə nail olublar. Bölgü üzrə 480 qutu (9120 qram) inkubasiya olunan baramaqurdu toxumundan 27 ton 55 kiloqram barama əldə edilib ki, bu da 2016-cı ildəki göstəricidən 4 dəfə çoxdur. Ötən il də tədarük olunan məhsul respublikada ən yüksək göstəricidir. Baramaqurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışıb, təhvil verilən baramaya görə kümçülər 243 min manat vəsait alıblar.
Barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə rayonun Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.