REGİONLAR
Zərdabda koronavirus pandemiyası təhlükəsinə qarşı reydlər davam edir
Zərdab, 16 noyabr, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması, karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən reydlərin keçirilməsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis işçilərinin də qatıldığı mobil qruplar rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatların, ödəniş terminallarının, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə, əhali arasında təbliğat və təşviqat işləri aparırlar.
Rayon ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə yaradılmış 38 mobil qrupun tərkibinə rayon icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə üzvləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və könüllülər də daxil edilib.
Qeyd edək ki, son 3 gün ərzində 54 reyd keçirilib. Reydlər zamanı 8 nəfərə xəbərdarlıq edilib, 2 nəfərin hər biri barədə protokol tərtib edilərək 100 manat cərimə olunub.