CƏMİYYƏT


Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” regional layihəsi çərçivəsində Bakıda ardıcıl bir sıra tədbirlər keçirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları Cəngi pestisid poliqonuna səfər edərək sahədə yaradılan qabaqcıl şəraitlə və görülən işlərlə tanış olublar. Qeyd edək ki, köhnəlmiş pestisidlərin saxlanıldığı Cəngi pestisid poliqonunda 217-ton yüksək təhlükəli kimyəvi maddələrin beynəlxalq standartlar əsasında qablaşdırılması işləri hal-hazırda davam etməkdədir.

Tədbirlərdə müvafiq dövlət qurumlarının nümayəndələri, mütəxəssislər, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan qonaqlar iştirak edib. Tədbirin ilk günü pestisidlərlə davranış, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, gender elementlərini əhatə edən texniki təlimlər baş tutub.

FAO-nun kənd təsərrüfatı və layihənin aparıcı texniki mütəxəssisi Tania Santivanez bildirib ki, köhnəlmiş pestisidlərin yenidən qablaşdırılması və onların təhlükəsiz və nəzarət edilən ərazidə mühafizəsi məqsədə uyğun bir utilizasiya variantı mövcud olana qədər regionda sağlamlığa dair təhlükələrin və ekoloji risklərin qarşısını almaq üçün mühüm addımdır. “Ona görə də hökumətlə əməkdaşlıq çərçivəsində bu mühafizənin düzgün planlaşdırılması və həyata keçirilməsi, həmçinin biliklərin artırılması olduqca vacibdir”, - deyə o əlavə edib.

FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak: “Sovet dövründə pestisidlərin istehsalı və istifadəsində düzgün idarəetmə və planlaşdırma olmaması səbəbindən Mərkəzi Asiya ölkələri və Azərbaycan bunun nəticələrindən təsirlənib. Çoxlu sayda köhnəlmiş pestisidlər hələ də həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi təhlükə hesab olunur”. Mələk Çakmak bu layihənin benefisiar və hökumətləri dəstəkləmək və dayanıqlı həllər yaratmaqla bu problemi həll oluna biləcəyini vurğulayıb.

Köhnəlmiş pestisidlərin idarə edilməsində dayanıqlı həllərin başlanması üçün Azərbaycanda Cəngi poliqonunda layihə çərçivəsində 217 ton maye polidofen və digər çox uzunömürlü pestisidlərin mühafizəsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov bildirib ki, “FAO ilə birlikdə Azərbaycanda köhnəlmiş pestisidlərin daha dayanıqlı şəkildə idarə olunması üzərində birgə fəaliyyət göstəririk və bu mühüm əhəmiyyət kəsb edən əməkdaşlığın bir başlanğıcıdır”.

2019-cu ildə icrasına start verilmiş layihə çərçivəsində bu günədək bir sıra fəaliyyətlər həyata keçirilib. Ölkə üzrə istifadəyə yararsız pestisidlərin inventarlaşdırılması, hüquqi bazanın təhlili, boşluqların aradan qaldırılması üçün təkliflər, pestisidlərin, xüsusi ilə də daimi üzvi çirkləndiricilərin məhv edilməsi üçün alternativ imkanların öyrənilməsi və müvafiq texniki araşdırmalar ötən müddət ərzində həyata keçirilmişdir. Bununla yanaşı, yüksək təhlükəli pestisidlərin istifadəsinin azaldılması üçün onlara alternativ metodların təşviqi istiqamətində müvafiq dövlət qurumları ilə birlikdə qabaqcıl kənd təsərrüfatı təcrübələri, o cümlədən zərərvericilərə qarşı inteqrir mübarizə metodlarının tətbiqi məqsədilə Xaçmaz, Samux, Şəmkir və Goranboy rayonlarında tərəvəzçilik sahəsində pilot fəaliyyətlər icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.