ELM VƏ TƏHSİL


Zəyəmçay vadisindən tapılan rapira-qılınc barədə məqalə dərc olunub

Bakı, 22 fevral, AZƏRTAC

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Kiriçenkonun “Zəyəmçaydan (Azərbaycan) tapılan Orta Tunc dövrü rapira-qılıncı” sərlövhəli məqaləsi Bioarxeoloji və Etnomədəni İrs İnstitutunun (Moldova/Rumıniya) “Revista de Arheologie, Antropologie şi Studii Interdisciplinare” jurnalında ingilis dilində dərc edilib.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 2016-cı ildə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə torpaq işləri zamanı bir kurqan aşkar edilir. Kurqanın örtüyündə tunc rapira formalı qılınc tapılır. Nəticədə başda D.Kiriçenko olmaqla Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası kurqanda arxeoloji qazıntılar aparıb. 2 saylı kurqan kimi qeyd edilən abidə Şəmkir rayonunun ərazisində Düyərli kəndi yaxınlığında Zəyəmçay kəndinin sağ sahilində yerləşir. İlk dəfə Zəyəmçay vadisindəki kurqanlar tarix elmləri doktoru, professor Nəcəf Müseyibli tərəfindən arxeoloji kəşfiyyat işləri zamanı 2000-ci illərin əvvəlində aşkar olunaraq Azərbaycanın arxeoloji abidələr reyestrinə daxil edilib.

SCPX layihəsi çərçivəsində Zəyəmçay vadisində Azərbaycan arxeoloqları (Ş.N.Nəcəfov, D.A.Kiriçenko, V.A.Əsədov) tərəfindən Orta - Son Tunc - İlk Dəmir dövrünə aid altı kurqan tədqiq edilib.

BP şirkətinin maliyyə dəstəyi ilə Mayamidəki (ABŞ) Beta laboratoriyasında aparılmış radiokarbon analiz əsasında qeyd edilən kurqanın e.ə. XVII əsrə, Orta Tunc dövrünə aid olduğu müəyyənləşdirilib.

Zəyəmçay kurqan qrupunun 2 saylı kurqanından aşkar edilmiş tunc rapiranın uzunluğu 99 sm, çiyinlərinin eni 5 sm, mövcud saplaq hissəsinin uzunluğu 4.4 sm-dir. Saplağın ortasında dəstəyə bərkidilmək üçün 0.5 sm diametrində dəlik var. Qılıncın tiyəsi nazikdir, iti ucuna doğru daralır, hər iki tərəfindən tiyə boyunca uzanan mərkəz beli qabarıqdır, tiyənin ülgüc hissəsi isə itilənib.

Zəyəmçay tapıntısından fərqli olaraq, rapira-qılınclar Azərbaycan ərazisində ilk dəfə XIX əsrdə Talış dağları zonasında aşkar edilib, amma onlar Azərbaycanın cənub regionlarındakı tapıntılar kimi sonrakı dövrə (Son Tunc - İlk Dəmir) aiddir.

Ümumilikdə, Cənubi Qafqaz ərazisində bu günədək Orta Tunc dövrünə aid 18 rapira-qılınc aşkarlanıb. Rapira tipli qılıncların yayılma arealı əsasən Cənubi Qafqazın mərkəzi hissəsində cəmləşib.

Zəyəmçaydan tapılan rapira-qılınc cari dövr üçün Azərbaycan ərazisində Orta Tunc dövrünə aid hələlik yeganə nümunədir.

Qeyd edək ki, məqalənin işıq üzü gördüyü jurnal Mərkəzi və Şərqi Avropa Onlayn Kitabxanası elektron sisteminin (CEEOL/Central and Eastern European Online Library) siyahısına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.