DÜNYA
Zimbabvedə 65 nəfər tropik siklonun qurbanı olub VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Zimbabvedə 65 nəfər “Idai” tropik siklonunun qurbanı olub. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ölkənin Şərqi Çimanimani əyalətində bir neçə kəndin şiddətli sel və daşqınlara məruz qalması nəticəsində beş vermiş torpaq sürüşməsi evləri yuyub-aparıb. Bu səbəbdən ölü sayının daha da artacağı ehtimal olunur. Nyahode və Rusiti çaylarının məcrasından çıxması isə Kopper qəsəbəsinin su altında qalmasına səbəb olub. Nəticədə bir neçə inzibati binalar da dağılıb və itkin düşmüş insanların taleyindən xəbər yoxdur.
“Idai” tropik siklonunun qonşu Mozambikin sərhəd bölgələrində də dağıntılara səbəb olduğu, minlərlə insanın evsiz-eşiksiz qaldığı bildirilir. Körpülərin dağılmasına baxmayaraq, Zimbabve hərbçiləri sakinlərin təxliyəsi əməliyyatlarını davam etdirir.
Təbii fəlakətlə bağlı ölkə Prezidenti Emmerson Mnanqaqva Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərini yarımçıq qoyaraq Zimbabveyə qayıdıb.