İQTİSADİYYAT
® “Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 min AZN yardım
İyunun 30-da 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il olub.
“Rabitəbank” ölkədə COVID-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq öz ad günündə artıq ənənə halını almış korporativ-hesabat tədbirini təxirə salıb. Lakin bununla yanaşı, “Rabitəbank” sözügedən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan 9 nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edərək bu ad gününü yaddaqalan edib.
Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” iyunun 29-da Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış 9 nəfər üzvü olan Emiralıyevlər ailəsini sevindirib. İllərdir ev arzusunda olan Emiraliyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən 65 min AZN birdəfəlik maliyyə yardımı göstərilib. Ailənin başçısı Bilal Xanı oğlu Emiralıyev “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirib, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğulayıb: “Böyükdən kiçiyədək, hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun”.
“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq 2020-ci ildə də aztəminatlı ailələrin həssas vətəndaş qruplarının rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcək.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, “İnternet Bankinq” və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.