CƏMİYYƏT
® “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda dəyirmi masa keçirilib
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərindəki ofisində Avropa Regional Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin təşkilatçılığı ilə “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov tədbirin əhəmiyyətindən danışıblar.
Yeni növ koronovirus (COVID-19) pandemiyası dövründə ölkəmizdə insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər və qazanılan müsbət təcrübədən bəhs olunub.
Gömrük sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması sahəsində mühüm addımlar atıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkə sərhədlərinin sanitariya mühafizəsinin təşkilində iştirak edən qurumların əməkdaşlığının genişləndirilməsi, nəzarətin gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi diqqət mərkəzindədir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasımın moderatorluğu ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəisi Surxay Məmmədov “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın perspektivləri”, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova “Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizədə Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (2005) tətbiqi”, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Ölkə sərhədlərinin sanitar mühafizəsində TƏBİB-in rolu və koordinasiya məsələləri”, Qida Təhlükəsizliyi Agentliyinin İdxal-ixrac şöbəsinin müdiri Əkbər Əliyev “Sərhəddə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübə, ölkəmizdə bu sahədə aparılan işlər, əldə edilən nailiyyətlər və perspektivlər”, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşı Cəvahir Süleymanova “Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) çərçivəsində ölkəyə giriş nöqtələrində Ümumdünya Səhiyyə Təşkilatı və ölkədaxili qurumların əməkdaşlığının koordinasiyası” mövzusunda məruzələr ediblər.
Dəyirmi masa iştirakçıları mövzularla əlaqədar fikir mübadiləsi aparıblar.