İQTİSADİYYAT
"Bank of Baku"nun korporativ müştərilərinə internet bankçılıq xidməti pulsuz oldu
Bakı, 2 sentyabr, AZƏRTAC
"Bank of Baku" fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün xidmətdən istifadəni pulsuz edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dekabrın 30-dək keçirilən kampaniya çərçivəsində internet bankçılığa qoşulmaq üçün "Bank of Baku"ya müraciət edəcək korporativ müştərilər illik xidmət haqqından azad olunmaqla xidmətdən istifadəni aktiv edə bilərlər. Həm hüquqi, həm də fiziki şəxslər internet bankçılıq xidmətinə aşağıdakı 2 üsul vasitəsilə qoşula bilərlər: bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb əməkdaşlıq müqaviləsini imzalamaqla; 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, bankda qeydiyyata alınan mobil nömrə, şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə.
Kampaniya ilə bağlı daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsindən almaq mümkündür.