İQTİSADİYYAT
"AccessBank" məktəb direktorları üçün seminar keçirib
Bakı, 30 iyul, AZƏRTAC
"AccessBank"ın baş ofisində Bakının 50 məktəbinin direktorları üçün dördgünlük seminar keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, təlimdə inklüziv təhsilin məzmunu və metodologiyası, əsas fəlsəfəsi və digər məsələlər barədə məlumat verilib. Seminarlarda məktəb direktorları sağlamlığı məhdud şəxslərlə ünsiyyət zamanı istifadə ediləcək etik terminləri və nəzəriyyəni öyrənərək analiz edib, beynəlxalq təcrübə ilə tanış olublar.
“AccessBank" Birləşmiş Krallığın Britaniya Şurası (British Council) Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə həyata keçirilən "Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar" layihəsinə dəstək olub. 34 ay ərzində davam edən layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunmasını, onların hüquqlarının yaxşı anlaşılmasını və müdafiəsini təmin etməkdən ibarətdir.