ELM VƏ TƏHSİL
"Intel" şirkəti Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqi üçün tədbirlər planı hazırlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olan "Intel" bu ilin sonunadək Azərbaycanda tələbə və müəllimlər üçün təlim proqramları həyata keçirəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabr ayında şirkət ölkənin az inkişaf etmiş regionlarında tələbələrə kömək etmək üçün 100 informatika müəlliminin iştirakı ilə təlim proqramı təşkil edəcək. Bundan başqa, dekabrda şirkət tərəfindən STEM-mərkəzində informatika fənni üzrə məktəb müəllimləri üçün treninqlər keçiriləcək.
"Intel" şirkətinin Azərbaycanla bağlı uzunmüddətli hədəfləri orta məktəblərdə elmi sorğular keçirilməsini, Naxçıvan Muxtar Respublikasında regional informasiya texnologiyaları sərgisinin təşkili, struktur mərkəzlər şəbəkəsinin yaradılması, elmi sərgilərdə iştirak edən tələbələrin sayının 50 faiz artırılması, startap məktəblərin yaradılması yolu ilə sahibkarlığın inkişafını təmin etməkdir.