İQTİSADİYYAT
"Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninqlər keçirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (İİN BBTM) və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün ikigünlük "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninqlər keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqlərin keçirilməsində məqsəd gəncləri biznes ideyanın yaradılması və biznesin təşkili sahəsində məlumatlandırılması, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, eləcə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir.
Treninqlərdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə BBTM-nin və Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbələri iştirak etmişlər.