ELM VƏ TƏHSİL
ABİTURİYENT – 2008
59412 abituriyent “Elektron ərizə” doldurub. “Elektron ərizə” qəbulunun başa çatmasına 44 gün qalır
Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün TQDK-nın serverinə 59412 “Elektron ərizə” daxil olmuşdur. (17 aprel, saat 15:00).
Aprelin 11-dən etibarən Sənəd Qəbulu Komissiyalarında (SQK) 24412 “Elektron ərizə” təsdiq edilib. “Elektron ərizə” təqdim edən abituriyentlər respublikanın bütün bölgələrini əhatə edir və elə bir bölğə yoxdur ki, oradan təsdiq olunmuş “Elektron ərizə” daxil olmasın.
Respublikamızda ilk dəfə kütləvi prosesdə kompüter texnologiyalarının tətbiqi müsbət nəticələrini verməkdədir. Gündəlik həyatda internetdən geniş istifadə olunmasını müasir dünya standartlarına qoşulmaq istiqamətində böyük addım hesab etmək olar.
“Elektron ərizə”lərin təsdiq olunması mayın 31-də başa çatacaqdır. Abituriyentlər mayın 31-dək paralel olaraq internet vasitəsilə “Elektron ərizə” doldura bilərlər.
Abituriyentlər “Elektron ərizə”ni təsdiq etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) aşağıdakı sənədləri təqdim etməlidirlər:
Orta məktəbi, orta ixtisas məktəbini və ya peşə məktəbini cari ildə bitirən məzunlar buraxılış sinfində təhsil aldığını təsdiqləyən arayış (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3x4 sm ölçüdə şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Ali, orta ixtisas, peşə məktəblərinin məzunları və orta məktəbi əvvəlki illərdə bitirən abituriyentlər SQK-ya təhsili haqqında sənədin əslini təqdim edirlər. Bunlardan əlavə abituriyentlər SQK-ya şəxsiyyətlərini təsdiq edən sənədin əslini (16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnamə), hərbi bilet və ya çağırışçı şəhadətnaməsini təqdim etməlidirlər.
Bütün abituriyentlər SQK-ya TQDK-nın “Ödəmə kartı“nı təqdim edirlər. “Ödəmə kartı” təqdim etməyən abituriyentlərin “Elektron ərizə”si təsdiq edilməyəcək.
“Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün rus bölməsinin abituriyentlərinə müəyyən olunmuş tarixlərdə ərizələrini təsdiq etdirdikləri SQK-da “İmtahana buraxılış vərəqəsi” veriləcək. “Buraxılış vərəqəsi”nin verilmə tarixləri barədə məlumat TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
######