Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycan Milli Xalça Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Elçin Şamillinin “Katarsis” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək Elçin Şamillinin yaradıcılığının müasir Azərbaycan incəsənətində özünəməxsus yer tutduğunu vurğulayıblar.
Sərgi müəllifin uzun illər ərzində formalaşdırdığı fərdi bədii-fəlsəfi konsepsiyaya əsaslanır və müasir incəsənətdə tekstilin innovativ təqdimat nümunələrindən biri kimi diqqət çəkir. Ekspozisiyada xalçanın kompozisiya quruluşundan ilhamlanan, mücərrəd tekstil anlayışını, vizual dili və mədəni kodlar nəzəriyyəsini əks etdirən 20-dən çox əsər nümayiş olunur.
Sərginin əsas ideyası insanın görünən reallıqla yanaşı, şüuraltı və fövqəlşüur səviyyələrində yaşadığı daxili təcrübələrin araşdırılmasına yönəlib. Burada abstraksiya yalnız estetik ifadə vasitəsi deyil, həm də idrak modeli kimi təqdim edilir. Müəllif katarsisi insanın daxilində mövcud olan təhrif olunmuş qavrayışları və yalançı harmoniyaları üzə çıxaran bir proses kimi dəyərləndirir. Bu baxımdan katarsis yaddaşın strukturunu dəyişdirən, insanın “Mən – Dünya” münasibətlər sistemini yenidən qurmasına imkan verən transformasiya aktı kimi təqdim olunur.
Sərgidə xalça dəyişən həyat təcrübələri fonunda sabit düşüncə strukturlarının vizual modeli kimi çıxış edir.
“Katarsis” sərgisi müasir Azərbaycan incəsənətində tekstil sənətinin fəlsəfi və konseptual imkanlarını nümayiş etdirərək tamaşaçıları insan şüurunun dərin qatları, yaddaş, transformasiya və özünüdərk mövzuları üzərində düşünməyə dəvət edir.
Sərgi iyunun 7-dək davam edəcək.