AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
Bakı, 5 iyun, AZƏRTAC
Məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Məhsulların mənşəyi və hərəkət zənciri barədə məlumatların qeydə alınması qidamənşəli risklərin vaxtında aşkarlanmasına, təhlükəli məhsulların dövriyyədən çıxarılmasına, eləcə də istehlakçıların qida və yem məhsulları ilə bağlı dolğun və dəqiq məlumat əldə etməsinə imkan yaradır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, habelə qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi mexanizmini müəyyən edir.

Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil olunur.
“Qida təhlükəsizliyi haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Bu baxımdan qida subyektlərinə fəaliyyətlərini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təşkil etmələri, məhsulların izlənilə bilməsini təmin edən sistemlərin qurulmasına xüsusi diqqət yetirmələri tövsiyə olunur.
Qeyd edilib ki, sahibkarlar izlənilmə sistemlərinin qurulmasını və bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrin xidmətlərindən yararlana bilərlər.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.