Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Bakı, 5 iyun, AZƏRTAC
5 İyun – Ümumdünya Ətraf Mühit Günündə “EkoSfera” Ekoloji-Sosial Mərkəzi özünün milli uşaq və gənclər platforması olan Green Network Azerbaijan (Yaşıl Şəbəkə) ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrində uşaqlar və gənclər tərəfindən hazırlanmış və həyata keçirilən praktik ekoloji həlləri təqdim edib.
Bu barədə AZƏRTAC-a “EkoSfera” Ekoloji-Sosial Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ekspozisiyanı BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen ziyarət edib.
Təqdimat 5 qitə və onların qarşılaşdığı əsas ekoloji problemlər konsepsiyası əsasında qurulub. Hər bir qitə Green Network Azerbaijan platformasının üzvü olan uşaqlar tərəfindən təmsil olunub. Onlar Azərbaycanın məktəblərində, yerli icmalarında və ailələrində artıq tətbiq olunan real həlləri təqdim ediblər. Bunlara su ehtiyatlarından səmərəli istifadə proqramları, biomüxtəlifliyin qorunması təşəbbüsləri, aqrobiomüxtəliflik layihələri, Yaşıl Məktəblər fəaliyyəti, tullantıların azaldılması və kompostlaşdırma layihələri, gənclərin ekostartapları, EkoTracker rəqəmsal ekoloji platforması və ekoloji monitorinq təşəbbüsləri daxildir.
Ekspozisiyanın əsas xüsusiyyəti ondan ibarət olub ki, təqdim edilən həllər birbaşa uşaqlar tərəfindən izah olunub. Gənc iştirakçılar Azərbaycanda həyata keçirilən ekoloji təşəbbüslərin dünyanın müxtəlif qitələrində mövcud olan ekoloji problemlərin həllinə necə töhfə verə biləcəyini nümayiş etdiriblər.
Ekspozisiya sadə, lakin mühüm bir ideyanı ortaya qoyub ki, ekoloji təhsil yalnız maarifləndirmə ilə məhdudlaşmamalıdır. O, uşaqları real həllərin müəlliflərinə və yaradıcılarına çevirməlidir.
Təqdim olunan təşəbbüslər İnqer Andersen tərəfindən böyük maraqla qarşılanıb. O, uşaqlarla söhbət edib, iştirakçılara suallar verib və onların layihələri, ideyaları və praktik ekoloji təşəbbüsləri ilə yaxından tanış olub.
“Green Network Azerbaijan vasitəsilə “EkoSfera” uşaqları, məktəbləri, ekoloqları, gənc alimləri və yerli icmaları bir araya gətirən ümummilli əməkdaşlıq platformasını inkişaf etdirməyə davam edir və ekoloji biliklərin real fəaliyyətə çevrilməsinə xidmət edir. 25 ildən artıqdır ki, “EkoSfera” uşaqlar, gənclər, müəllimlər, ekoloqlar, gənc alimlər və yerli icmalarla birlikdə ekoloji təhsilin inkişafı, davamlı inkişaf liderlərinin və ətraf mühitin gələcək qoruyucularının yetişdirilməsi istiqamətində fəaliyyət göstərir”, - deyə məlumatda vurğulanıb.