DÜNYA
ABŞ-da şrederdən sonra sənədlərin bərpa edilməsi üzrə müsabiqə keçirilmişdir
Bakı, 3 dekabr (AZƏRTAC). Amerikanın DARPA Mütərəqqi Müdafiə Tədqiqatları Agentliyinin saytında verilmiş xəbərdə deyilir ki, agentlik San-Fransiskodan olan kompyuterçilər komandasını cırılmış və ya şrederdən keçirilmiş sənədlərin bərpası üzrə ən yaxşı və ən səmərəli metodika müsabiqəsinin qalibi elan etmişdir.
Shredder Challenge müsabiqəsində kompyuter mütəxəssislərindən, tapmaca mozaikalar quran həvəskarlardan və mürəkkəb məsələləri həll etməyi sevənlərdən ibarət 9 min komanda iştirak etmişdir. ”Cırılmış bütün kağız qırıntılarınız ABŞ-a məxsusdur” adlı qalib komanda 50 min dollar mükafat alır.
Bu komandanın kompyuter mütəxəssisləri öz kompyuter vizual alqoritm kodlarından istifadə etmişlər. Bu kodlar şrederlə 10 mindən çox parçaya bölünmüş sənədlərin fraqmentlərini bir-birinə uyğunlaşdırmağa kömək etmişdir.
DARPA Agentliyinin İnformasiya sahəsində innovasiyalar şöbəsinin rəhbəri Den Kaufman demişdir: “Bir çox ekspertlər qısa zaman çərçivəsində belə məsələnin həll olunacağına inanmırdılar. Bu müsabiqədə nümayiş etdirilən ixtiraçılıq qabiliyyəti bizi təəccübləndirmişdir”.
Onun sözlərinə görə, müsabiqədə problemin həllinin ən səmərəli üsulları sırf hesablayıcı və ya çeşidləyici yanaşmalar deyil, “ağıllı detektiv işlə kombinə edilmiş yanaşmalar” olmuşdur.
DARPA San-Fransisko kompyuterçilərinə qələbə qazandırmış üsulun təfsilatını açıqlamamışdır.
Məhv edilmiş sənədlərin bərpası hərbi münaqişələr zamanı, kəşfiyyat məqsədləri ilə, cinayətlərin təhqiqatı zamanı son dərəcə əhəmiyyətli ola bilər. DARPA Agentliyində qeyd etmişlər ki, müsabiqənin təşkilatçıları, həmçinin ABŞ-ın xüsusi idarələri tərəfindən istifadə olunan sənədlərin məhv edilməsi texnologiyasını təkmilləşdirməyə çalışırlar.