DÜNYA
ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

Bakı, 4 oktyabr, AZƏRTAC
ABŞ hökuməti kosmik tullantıları Yer kürəsinin orbitinə buraxdığına görə tarixdə ilk dəfə bir şirkətə cərimə kəsib. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ştatların Federal Rabitə Komissiyası (FRK) köhnə peyki hazırda istifadədə olan digər kosmik zondlardan kifayət qədər uzaqlaşdıra bilmədiyi üçün “Dish Network” şirkətini 150 min dollar cərimələyib. Şirkət, öz növbəsində, “EchoStar-7” peyki ilə bağlı məsuliyyətini etiraf edib və verilən cəza ilə razılaşıb.
Kosmik tullantılar Yer ətrafında orbitdə uçan, lakin artıq istifadə olunmayan və toqquşma riski olan texnologiya parçalarından ibarətdir. NASA-nın mütəxəssisləri bildirirlər ki, kosmik fəzada köhnə peyklər və kosmik gəmilərin hissələrinin sayı getdikcə artır.
İlk dəfə 2002-ci ildə buraxılan “EchoStar-7” peyki Yerin səthindən 36 min kilometr hündürlükdə başlayan geostasionar orbitdə olub. Şirkət bu aparatı Yerdən 234 kilometr uzağa aparmalı idi, lakin 2022-ci ildə fəaliyyətini dayandıran peykin yanacağı bitib və cəmi 89 kilometrlik məsafədə qalıb. Federal Rabitə Komissiyasının rəhbəri Loyan İqal bildirib ki, peyk əməliyyatları daha çox yayıldıqca və kosmos iqtisadiyyatı sürətləndikcə, operatorların öhdəliklərinə əməl etdiyinə əmin olmalıyıq. Lakin 150 min dollarlıq cərimə sözügedən şirkətin 2022-ci ildə 16.7 milyard dollar olan ümumi gəlirinin çox kiçik bir hissəsini təşkil edir.
Mərkəzi Lankaşir Universitetinin astrofizika üzrə baş müəllimi Meqan Arqonun sözlərinə görə, cərimə hələ də digər peyk operatorlarına təsir edə bilər. O əlavə edib ki, cəza tədbirlərini davam etdirmək kosmosda təhlükəsizliyi təmin etmək baxımından zəruridir. "Orbitdə nə qədər çox tullantı varsa, yüksəksürətli dağıntılara səbəb olan toqquşma riski bir o qədər çox olur. Bu, həmçinin kosmik fəzada potensial olaraq kaskad reaksiyasına səbəb ola bilər", -deyə astrofizik vurğulayıb.
Rəsmi hesabatlarda 1957-ci ildən bəri kosmosa 10 mindən çox peykin buraxıldığı təxmin edilir və onların yarıdan çoxu hazırda istifadəsizdir. NASA-nın məlumatına görə, Yerin orbitində uzunluğu 10 santimetrdən çox olan 25 mindən çox kosmik tullantı var.
NASA-nın rəhbəri Bill Nelson bildirib ki, kosmik tullantılar ciddi problemdir və Beynəlxalq Kosmik Stansiyaya da əngəllər yaradacaq. O əlavə edib: "Hətta bir boya çipi... orbital sürətlə yanlış istiqamətdə gələrək kosmosda gəzinti edən astronavtı vura bilər. Bu, ölümcül ola bilər".