Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH
Bakı, 3 iyul, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurumdur. Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyətə malikdir. Azərbaycan öz siyasi və iqtisadi maraqlarına uyğun olan təşkilatlarla əməkdaşlıqdan heç zaman çəkinməyib. Bu təşkilat həm Azərbaycanı, həm Türkiyəni öz sıralarında görməkdən məmnun olardı. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevi də növbəti dəfə öz zirvə toplantılarına dəvət etmələri hər iki tərəf üçün qarşılıqlı faydalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
O bildirib ki, Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər müəyyən edə bilər. Hazırda Azərbaycan qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir. Hazırda Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlığı davam etdirir. ŞƏT-in Astana zirvə görüşündə iştirakı həm də üzv dövlətlərin tədbirdə təmsil olunması və iştirakı ilə bağlı dialoqun aparılması üçün platforma ola bilər.
“ŞƏT üzvü olan dövlətlilərlə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından da həmin tədbirdə yüksək səviyyədə iştirakımız da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan coğrafi baxımdan əlverişli imkanlara malikdir. Mövcud qlobal nəqliyyat yolları və dəhlizlərinə olan təhdidlər Azərbaycanın bu baxımdan da geostrateji əhəmiyyətini artırır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi baxımından həm ŞƏT ilə, həm də bu təşkilata daxil olan dövlətlərlə əməkdaşlığımız vacibdir. Azərbaycan 9 ildən artıqdır ki, bu təşkilatın tərəfdaşı kimi müəyyən edilib. Güman etmək olar ki, Azərbaycanın və Türkiyənin bu təşkilatla əməkdaşlığı gələcəkdə növbəti fazaya keçəcək”, - deyə S.Məmmədov əlavə edib.