DÜNYA
ABŞ ilk dəfə şərab istehlakına görə Fransanı geridə qoymuşdur
Bakı, 16 may (AZƏRTAC). Fransa dünyanın şərab istehlakı reytinqində birinciliyi ilk dəfə Birləşmiş Ştatlara vermişdir.
Bu barədə Beynəlxalq Üzüm və Şərab Təşkilatı məlumat vermişdir.
Fransanın 2013-cü il üçün göstəricisi 28 milyon hektoliterə bərabərdir, halbuki ABŞ-da istehlak 29 milyon hektolitr səviyyəsindədir.
ABŞ Fransanı ilk dəfə qabaqlasa da, bu, Amerikada istehlakın artması səbəbindən deyil, Fransada istehlakın 7 faiz azalması üzündən baş vermişdir.
Ötən il planetimizin sakinləri ümumən 238,7 milyon hektolitr şərab içmişlər. Bu da inişillə müqayisədə 1 faiz, yəni 2,5 milyon hektolitr azdır.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Jan-Mari Oran bildirmişdir ki, istehlak olunan şərabın yarısı Fransa, ABŞ, Almaniya, İtaliya və Çin kimi ölkələrin payına düşmüşdür.
Onun məlumatına görə, şərab məhsulları bazarının həcmi pul ifadəsində 73 milyard dollara bərabər olmuşdur.
J.M.Oran onu da bildirmişdir ki, son illər şərab bazarının xeyli dərəcədə qloballaşmışdır. İstehsal olunan şərab məhsulunun 35 faizi ixrac olunur, halbuki həmin göstərici 10 il əvvəl 10 faiz az idi.