SİYASƏT
ABŞ-ın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasında olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən səfir qeyd etmişdir ki, ABŞ Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır.
MSK sədri Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə rəhbərlik etdiyi qurum arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirərək vurğulamışdır ki, demokratiyanın inkişafı ilə bağlı hər iki tərəfin fikirləri üst-üstə düşür. Sədr səfirin xahişi ilə Azərbaycan Respublikasının seçki sistemi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə əlavə, təkrar və yeni seçkilər barədə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.