İQTİSADİYYAT
Abşeron külək elektrik stansiyasının tikintisinə dair TİƏ hazırlanmasına 4 şirkət iddialıdır
Bakı, 15 mart (AZƏRTAC). Almaniya İnkişaf Bankı (KFVV) və Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Abşeron rayonu ərazisində külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsinə dair məsləhət xidmətləri üzrə podratçının seçilməsini başa çatdırırlar.
AZƏRTAC xəbər verir ki, bunu agentliyin direktor müavini Cəmil Məlikov bildirmişdir. Onun sözlərinə görə, qısa namizədlər siyahısına daxil edilmiş 5 şirkətdən 4-ü layihənin texniki iqtisadi əsaslandırılması (TİƏ) üçün müqavilə ilə əlaqədar tender üzrə son təkliflərini vermişdir.
C.Məlikov demişdir ki, söhbət dünyanın aparıcı şirkətlərindən gedir.
İmkanların qiymətləndirilməsi və TİƏ-dən başqa podratçı bərpa olunan enerjidən istifadə olunması, layihəni gerçəkləşdirəcək qrupun yaradılması üçün normativ-hüquqi bazanın hazırlanmasına da kömək edəcəkdir. TİƏ paketinə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənədlərin hazırlanması da daxildir. Almaniya bankı layihənin gerçəkləşdirilməsinə 135 milyon avro kredit ayırmağa hazırdır.