MƏDƏNİYYƏT
İspanlar kütləvi turist axınına etiraz edirlər
![İspanlar kütləvi turist axınına etiraz edirlər](/files/2024/2/1200x630/17198176623909025405_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
İspaniyada kütləvi turizmdən narazılıq getdikcə daha geniş vüsət alır.
AZƏRTAC-ın İspaniya mətbuatına istinadla verdiyi xəbərə görə, Əndəlüsün cənub muxtariyyətində minlərlə insan öz qəzəbini ifadə etmək üçün küçələrə axışıb. Onlar mənzil çatışmazlığından daha çox narahatdırlar.
“El País” qəzeti şənbə günü Malaqa şəhərində 25 min nəfərin iştirakı ilə Əndəlüsün sahil metropolisindəki ən böyük nümayişlərdən birinin keçirildiyini yazır. İnsanlar əllərində “Bu, turizm deyil, işğaldır”, “Malaqa yaşamaq üçündür, həyatda qalmaq üçün deyil”, “Maaş 1300, kirayə 1100, mən necə yaşamalıyam?” sözləri yazılmış lövhələr gəzdirib və turistlərin yerləşdirilməsinin qadağan edilməsinə çağırıblar. Nümayişçilər şəhərin əyləncə parkına çevrilməsi və turistlər üçün nəzərdə tutulmayan yaşayış sahəsinin azlığı ilə bağlı yaranmış vəziyyətdən şikayət ediblər. İspanlar qeyd edirlər ki, ilk növbədə, sakinlər üçün mənzil problemini həll etmək lazım idi.
Çoxsaylı kruiz gəmilərinin yanaşdığı Əndəlüs liman şəhəri Kadisdə yüzlərlə insan şəhərin tarixi mərkəzinə toplaşaraq “Bir turist çox, bir qonşu az” və “Şəhəri satmağı dayandırın” şüarları səsləndirib.
Son bir neçə həftə və ay ərzində İspaniyada, o cümlədən Mayorka, Barselona və Kanarya adalarında kütləvi turist axınına qarşı böyük etirazlar olub. Məşhur tətil məkanlarının sakinlərinin şikayətləri arasında gərginləşən əmlak bazarı, bir çox sakini şəhər mərkəzlərini tərk etməyə məcbur edən kirayə haqlarının artması, səs-küy və çirklənmə də var.
Rəsmi statistikaya görə, İspaniya keçən il 85 milyon xarici turistin gəldiyi dünyanın ikinci ən populyar istirahət məkanı olub.