ELM VƏ TƏHSİL
ADU-da “Azərbaycanı Zəfərə aparan Lider” mövzusunda konfrans keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 2018-ci il aprelin 11-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunmuş “Azərbaycanı Zəfərə aparan Lider” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövləti, xalqı Zəfərə aparan Lider olduğunu vurğulayıb: “Bu gün Azərbaycan özünün ən güclü, ən inamlı və ən uğurlu illərini yaşayır. 44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər Ali Baş Komandan Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi Qələbəmizə imza atdıq. Prezident uzaqgörən siyasəti, müdrik addımları və cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi, Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman onun yanındadır”.
Milli Məclisin deputatı professor Elman Nəsirov “Prezident və onun xarici siyasət doktrinası” mövzusunda çıxış edib. Professor bildirib ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açmaq üçün daim beynəlxalq tribunalardan maksimum istifadə edib: “Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 4 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov “Prezident İlham Əliyev və gənclər siyasəti” mövzusunda məruzəsində gənclərin idarəetmədə rolundan danışıb. Qeyd olunub ki, gənclərin savadlı, bilikli və peşəkar olması Azərbaycanın inkişafı deməkdir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Yeni Azərbaycan Partiyasının 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində rolu” mövzusunda məruzəsində bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu, yeni Azərbaycan daha güclü və daha qüdrətli oldu. Bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qalib xalq kimi dünyaya tanıtdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Azərbaycanın yaratdığı yeni iqtisadi reallıqlar: Cənub Qaz Dəhlizi” mövzusunda çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə iqtisadi uğurlarından danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya miqyaslı iqtisadi layihələrin Azərbaycanı güclü bir dövlətə çevirdiyi vurğulanıb. Qeyd olunub ki, beynəlxalq layihələr Azərbaycanın güc mərkəzi kimi qəbul olunmasına şərait yaradıb və bütün bunlar məhz Prezidentin müdrik siyasətinin nəticəsində baş verib.
“Azərbaycançılıq ideologiyasının gəncliyin formalaşmasında rolu” mövzusunda çıxış edən ADU Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli xalqın bu ideologiya ətrafında birləşməsindən, dövlətin gənclərə olan qayğısından danışıb.