ELM VƏ TƏHSİL
ADU-da Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasında Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) ilə birlikdə böyük rus yazıçısı Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib. Tədbirdə RİMM-in nümayəndələri Yelena Şişkalova və Lyubov Yakunina iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, moderator qismində Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Diana Hüseynzadə çıxış edib. “F.M.Dostoyevskinin dünya ədəbiyyatı kontekstində yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Afət Musayeva yazıçının Qərb ədəbiyyatına böyük təsir göstərdiyini bildirib.
Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Sevinc Sideifzadə “Dostoyevskinın Peterburqu” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 4-cü kurs tələbələri fəal iştirak ediblər. Tələbələr rus yazıçının həyat və yaradıcılığı haqqında həmin fakültənin tələbəsi Elşən İsayevin hazırladığı ədəbi viktorinanın suallarını cavablandırıblar.
Viktorinanın qalibi 4-cü kurs tələbəsi Gülnar Tağıyeva seçilib.