CƏMİYYƏT
Ağbulaq İstirahət Mərkəzində gənclərin yay universiteti fəaliyyətə başladı
Naxçıvan, 8 avqust (AZƏRTAC, Tural Kəngərli). Avqustun 8-də Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin yay universiteti fəaliyyətə başladı.
AZƏRTAC xəbər verir ki, yay universitetinin açılış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi Anar İbrahimov iştirakçılara tədbirin mahiyyəti barədə ətraflı məlumat verdi.
Bildirildi ki, 7 gün istirahət mərkəzində olacaq gənclər “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Milli dəyərlərimizin gənclər tərəfindən qorunub saxlanması” mövzularında seminarlarda və müxtəlif idman yarışlarında iştirak edəcək, Şahbuz rayonunun ərazisindəki tarixi yerlərdə olacaqlar.
Yay universitetinin yaradılmasının məqsədi gənclərin vətənpərvərlik hisslərinin artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək istirahət mərkəzində universitet iştirakçılarının vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şəraitin yaradıldığını bildirdi, gənclərə uğurlar arzuladı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev gənclərin Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirdi.
Vurğulandı ki, gənc fəallar burada müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edəcək, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında müzakirələr aparacaqlar.
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan gənclərin yay universitetində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin fəalları və muxtar respublikanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak edirlər.